Bu xidmət İkinci Dünya müharibəsi iştirakçılarına protez-ortopediya məmulatları, əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşlara protez-ortopediya məmulatları, əlil kreslo-veloarabaları, texniki və başqa reabilitasiya vasitələri təmin edilməsi ilə bağlı müraciətləri əhatə edir.
Protez-ortopediya məmulatlarının və reabilitasiya vasitələrinin növləri və anlayışı:
– Protez – amputasiya olunmuş ətrafın anatomik və funksional cəhətdən bərpa olunması üçün istifadə olunan texniki konstruksiyadır.
– Ortez-müalicəvi və ortopedik texniki məmulat olub, insanın dayaq-hərəkət aparatının pozulmuş və ya itirilmiş funksiyasının bərpasına və hərəkətinə xidmət edir.
– Korset və bandaj – ortezin bir növü olub, gövdənin zədələnməsi və deformasiyası zamanı, qarın boşluğu və qarın divarının xəstəliklərində müdafiə məqsədi ilə istifadə olunan ortopedik məmulatdır.
– Ortopedik ayaqqabı – pəncənin zədələnməsi, deformasiyası və aşağı ətrafın qısalığı zamanı müalicəvi və reabilitasiya məqsədi ilə istifadə olunan xüsusi hazırlanmış ayaqqabıdır.
– Protez ayaqqabısı – aşağı ətraf protezlərinə geyinilən ayaqqabıdır.
– Eşitmə aparatları – eşitmə funksiyasını bu və ya digər dərəcədə itirmiş şəxslərin eşitmə funksiyalarını nisbətən bərpa etmək üçün istifadə olunan cihazdır.
– Kreslo-veloarabalar – dayaq-hərəkət funksiyalarını bu və ya digər səbəbdən itirmiş şəxslərin hərəkət etmələri üçün istifadə olunan reabilitasiya vasitəsidir.
– Reabilitasiya vasitələri (əsalar, qoltuqaltı ağaclar, dirsəkaltı ağaclar və s.) – əlillərin , sağlamlıq imkanları məhdud uşaqların və xəstələrin itirilmiş funksiyalarının bərpasına kömək edən yardımçı vasitələrdir.